Articles

Seymur Baycan-Sonuncu Şalvar

In Oxuduqlarım on Dekabr 4, 2010 by Araz Önər

Təxminən beş il əvvəl yerli QHT-lərdən biri qadın mövzusunda yazı müsabiqəsi keçirirdi. O vaxt mən “Gündəlik Azərbaycan” qəzetində işləyirdim.

“Onun bu məşəqqətlərdən xəbəri yoxdur” adlı bir kitab yazıb müsabiqəyə təqdim etdim. Yazı bizim ölkədə qadınla görüşməyin nə qədər çətin olması haqqında idi. Hələ də burda seks birtərəfli akt kimi qəbul edilir.

Ona görə də yeri kişi tapmalıdır, hesabı da kişi ödəməlidir, sevgi oyunu nəticəsində yaranan bütün problemləri kişi həll etməlidir.

Guya, qadınlar bu oyunda heç bir həzz almırlar. Həzz alan təkcə kişidir. Ona görə də hər şeyi o etməlidir. Mənim vəziyyətim bir balaca fərqli idi.

Seva adında (ad şərtidir) bir qadınla münasibətim vardı. Seva beşmərtəbəli evin dördüncü mərtəbəsində yaşayırdı. Biz onun evində görüşürdük.

Doğrusu, oralara getmək xeyli cəsarət tələb edirdi. Məhəllənin cayılları bir neçə dəfə mənə xəbərdarlıq etmişdilər. Bir dəfə az qala məni bıçaqlayacaqdılar.

Mən o qədər ehtiyatla və qorxu ilə evə girirdim ki, uzun müddət özümə gələ bilmirdim. Ürəyim döyünürdü. Rəngim ağarırdı. Çox zaman heç düz-əməlli sevgi oyunu alınmırdı. Allah kəssin belə məhəbbəti.

Yayda işim çox çətin olurdu. Boş-bikar arvadlar, məhəllə uşaqları gecə yarısına qədər blokun qarşısında oturub tum çırtlaya-çırtlaya laqqırtı vururdular.

Mən onların yatmağını gözləyirdim. Bu da xeyli uzun çəkirdi.

Siqaret çəkməkdən ağzım zəhərə dönürdü. Gözləməkdən yorulurdum.

Qışda işim nisbətən asanlaşırdı. Adamlar tez yatırdı. Soyuq, avaraların blokun qarşısında dayanıb laqqırtı vurmasına imkan vermirdi.

Ən münasib vaxt isə Çempionlar Liqasının oyunları keçirilən vaxt idi. Hər kəs evinə çəkilirdi.

Amma mən çox dəqiq hərəkət edərək çalışırdım ki, fasiləyə düşməyim. Fasilədə hər kəs balkona çıxıb siqaret çəkirdi.

Yazım bu haqda idi. Lakin heç bir mükafata layiq görülmədi. Əksinə, dedilər ki, sən bizi dolamısan.

Nə etməli, Azərbaycanda real vəziyyəti həmişə zarafat kimi qəbul ediblər. Ona görə Trotski deyirdi ki, reallığı dərk etmək qələbənin yarısı deməkdir.

Nə qədər ki biz reallığı zarafat kimi qəbul edəcəyik, qələbə də bizdən uzaq olacaq. Bu, subyektiv fikirdir.

* * *

Yəqin ki, bu yazı da bir zarafat kimi qəbul olunacaq. Əlbəttə, cümlə yaza bilməyən Əflatun Amaşov bahalı maşında gəzdiyi halda mənim“Sonuncu şalvar” adlı yazı yazmağım, doğrudan, gülməlidir. Heç kimi bu gülüşə görə qınamaq olmaz.

Jurnalist təşkilatlarında çalışan adamlar xarici səfərlərdə, lüks otellərdə günlərini keçirdikləri halda jurnalistlər əsl həyat imtahanı verirlər.

Biz yazırıq, onlar isə bizi bəyənməyərək bahalı maşında gəzirlər.

Üstəlik, hələ bir adama qəzet necə olmalıdır, yazı necə yazılmalıdır dərsi keçirlər. Bizlərə həqarətlə baxırlar.

Görəsən, iki-üç qəzet, yazan beş-altı adam sıradan çıxandan sonra nə danışacaqlar, bax, bu, çox maraqlıdır.

Mənim yazar dostlarımdan birinin eynək almağa pulu yoxdur. Birinin borcu var deyə, işığını kəsiblər.

Doğrudan da, vəziyyətin belə ağır olduğuna inananlar az olacaq.

Üstəlik, 40 qəpik verib qəzet almağa canı çıxanlar qəzetlərin və jurnalistlərin üstünə min şər atmağa, min böhtan uydurmağa hazırdırlar.

“Qəzetlər maraqsızdır, mən qəzet oxumuram, qəzetlər səviyyəsizdir, qəzetlər yalan yazır” – deyənlər barmaqları qapı arasında qalanda, evlərini buldozerin qabağına verib uçuranda, oğlunu əsgərlikdə təpikləyib döyəndə bəyənmədikləri qəzetlərin üstünə gəlirlər.

Bunun özü də bir növ tövbə deməkdir. Nə qədər ki, Azərbaycanda insanın, qanunların bir qəpiklik qiyməti yoxdu, bu tövbə qapısı açıq olacaq.

Biz heç kimin ağır vəziyyətə düşməsindən həzz almırıq.

AMMA SİZ DƏ, HEÇ OLMAZSA, “MƏN QƏZETLƏRƏ İNANMIRAM, QƏZET OXUMURAM” SÖZLƏRİNİ ÇOX FƏXRLƏ DEMƏYİN.

Bilin ki, bunlar çox da yaxşı cəhətlər deyil.

Jurnalistlər ən ağır vəziyyətdə yaşayan zümrədir. Xüsusən də, müxalifyönlü jurnalistlər.

BİLƏNLƏR BİLİR. BİLMƏYƏNLƏR ONSUZ DA İNANMAYACAQ.

Bəs nə etməli? Heç nə. Azadlıq Radiosuna yerləşdirilən “40 qəpik” adlı yazıma yazılan şərhləri oxuyub düşündüm ki, bizi bu gün başa düşməyən heç vaxt başa düşməyəcək.

İndi Azərbaycanda ən pis və ən yaxşı cəhətlərin üzə çıxdığı dövrdü.

İndi yaxşı olan adam bir də həyatında heç vaxt bu qədər yaxşı adam ola bilməyəcək.

İndi pis olan adam bir də həyatında heç vaxt bu qədər pis adam ola bilməyəcək.

* * *

Bəlkə də adamlar bizə ona görə inanmadılar ki, biz hər zaman hüquqlarını qorumaq istədiyimiz adamlardan pis yaşadıq.

Onlar çətinliklə üz-üzə qalanda qəzetə üz tuturlarsa, biz daim bu çətinliklərin içindəyik.

Əgər onlar evləri söküləndə qəzetə üz tuturlarsa, onun dərdini yazan jurnalistin əvvəldən evi olmayıb, olma ehtimalı da yoxdur. Əslində, onları heç qınamağa da dəyməz.

Əgər jurnalist təşkilatlarında çalışanlar öz həmkarlarını başa düşmürlərsə, məcburi oxucuları da qınamağın yeri yoxdur.

Qoy Əflatun Amaşov bu yazını oxuduğu zaman yazılanları zarafat kimi qəbul etsin. O, heç vaxt inana bilməz ki, mənim indi şalvar almağa pulum yoxdur.

Qışdan çıxmaq üçün mənim bir cüt isti ayaqqabıya və əlli ədəd balıq konservinə ehtiyacım var.

Əflatun bəyin düşüncəsinə görə, əgər jurnalistlər yeməyə çörək tapmırlarsa, piroq yeməlidirlər.

Əslində bu yazı da Əflatun Amaşov və onun dəstəsinin keçirdiyi müsabiqəyə verilmiş bir cavabdır.

Başqaları nə yazırsa, yazsınlar, mən şalvar almaq istəyirəm. Qoy başqa yazar dostlarım öz real vəziyyətlərini dilə gətirməkdən, yazmaqdan utansınlar.

Mən heç nədən və heç kimdən utanmıram. Bizi bu vəziyyətə salanlar utansınlar.

Mənim Əflatun Amaşovun hakimiyyətdən alıb jurnalistlərə nəzir kimi payladığı pulda gözüm yoxdur.

Bu, Əflatun Amaşovun və onun dəstəsinin, jurnalist təşkilatlarında çalışanların ünvanına yazılmış bir yazıdır.

Yəqin ki, nə demək istədiyim, nəyə işarə vurduğum, heç olmasa, on-on beş adam tərəfindən anlayışla qarşılanacaq. Bu, mənə bəsdir.

* * *

Kolumbiya yazıçısı Markesin müsahibələri həmişə maraqla qarşılanıb. O, müsahibənin ustasıdır.

Jurnalistikadan ədəbiyyata gəlmiş Markes müsahibədə nələri söyləməyi əla bilir. Müsahibələrindən birində demişdi ki, guya, evdə oturub arvadı Mersedeslə telefona baxıb kiminsə zəng edəcəyini, onları harasa dəvət edəcəyini gözləyirmişlər.

Guya, hər kəs onların ən azı bu axşam iyirmi yerə dəvətli olduğunu düşünürmüş.

Buna görə heç kim zəng etmirmiş. Nəticədə Markes və arvadı Mersedes evdə tək qalıb darıxırmışlar…

Hər halda baş verməsi mümkün olan bir hadisədir. Qorxuram ki, bu yazını hətta anlayışla qarşılayan on-on beş adamın hər biri artıq 50 konserv probleminin həll olduğunu düşünsünlər.

Onda daha bir yazı yazıb, Əflatun Amaşovdan və onun dəstəsindən üzr istəməkdən savayı yol qalmır.

Bu qədər.
Manatla
Beneficiary Bank-AGBank OJSC
Bank Code – 505817
Bank TAX ID- 9900019651
Corr.Acc – 0137010017944
S.W.I.F.T BIK AZEGAZ22
Beneficiary Bank – XXX Seymur Novruz
Accoun N-380100azm0003597

Dollarla

Beneficiarys Account number-381100USD0007569
Beneficiarys Name XXX Seymur Novruz
Beneficiarys bank -AZERIGAZBANK, BAKU, AZERBAIJAN, SWIFT-AZEGAZ22,16 Landau street, Baku,Azerbaijan.
Correspondent bank-STANDART CHARTERED BANK, NEW YORK, NY.
SWIFT-SCBLUS33
ABA-026002561
Correspondent Account number -3582023297001

P.S: Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər arasında keçirdiyi müsabiqəyə təqdim olunur

abzas.net

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: