Articles

Rəsul Quliyev – Qloballaşma və dəyişən dünya

In Yazılar on Sentyabr 7, 2009 by Araz Önər Etiketlənmiş: , ,

Türkiyə böyük futbol qarşılaşmasında topdaşıyana bənzəyir
20-ci əsrin sonunda başlanan iqtisadiyatın qloballaşma prosesi yeni mərhələyə daxil olub və dünyanın yenidən formalaşmasının konturları görünməkdədir. Planet adlandırdığımız böyük meydanda futboldakı kimi əsas oyunçular, ehtiyatda olanlar və oynayanlar üçün top daşıyanlar mövcuddur və bu amansız, rəqabətli yarışın iştirakçıları ölkələrdir. Bu gün əsas oyunçular ABŞ, Birləşmiş Avropa, Çin,Yaponiyadır və dünya iqtisadiyyatının, istehsalının və maliyyəsinin 90 faizinə yaxını onların nəzarətindədir. Ehtiyat skamyalarında əyləşib nə vaxtsa meydana çıxacaqlarına ümid bəsləyənlər hələ ki, Hindistan və Braziliyadır. Türkiyə, Rusiya və onlarla bu tip ölkələr isə  top daşımaqla məşğuldurlar.

Qloballaşma prosesi heç də ayrı-ayrı ölkələrin məhv edilməsi və yaxud müstəqilliyinin itirilməsi demək deyildir. Sadəcə, müasir dünyada ekonomik və finans imkanlarının məhdud olduğu və hər hansı bir birlikdə olmayan ölkələrin qlobal dünya siyasətində rolunun sıfıra yaxınlaşması prosesi gedir .

Təəssüflə qeyd etmək lazımdır ki, sovetlərin dağıldığı 90-cı illərdə Türkiyə Cümhuriyyəti bolşevik diktaturasından qopan türkdilli, türkəsilli xalqların iqtisadiyyat və mədəniyyətlərini inteqrasiya etmək yolu ilə Avropa Birliyi kimi bir güc mərkəzi yarada bilmək şansını itirdi.

Qüdrətli olmaq istəyən ölkənin gələcək 10, bəlkə də 100 illəri nəzərə alan strateji planı olmalıdır. Türkiyə Cümuhriyyətinin strateji planı Atatürk tərəfindən formalaşdırılmışdı.16-cı əsrdən addımbaaddım öz süqutuna gedən Osmanlı İmperiyasının dağılma səbəblərini dərindən analiz edən o dövrün liderləri Türkiyənin gələcəyini ancaq və ancaq Qərb sivilizasiyasına bənzər sivilizasiyanın yaradılmasında görürdülər. Atatürkün keçmişin lazımsız adət ənənələrinə, hətta geyim formalarına, əlifbaya, dilə fədakarcasına və bəzən amansız hucumları bu strategiyanın tərkib hissəsi idi. Xalqın lideri çox gözəl bilirdi ki, din insanların mənəvi təmizliyinə xidmət etməlidir və dövlət siyasətində heç bir rol oynamamalıdır. Əgər Avropa ölkələri dini dövlətdən qoparda bilməsəydi, heç vaxt bu günkü sivilizasiya ola bilməzdi. Bəşəriyyətin Qərbdəki bugünkü sivilizasiyasının heç bir dinlə əlaqəsi yoxdur, onu xristianlıqla bağlamaq başıboşluqdur. “Onların həyat tərzi o cürdür, çünki onlar xristiandır və ya bütpərəstdir”, “Biz müsəlmanıq, biz elə yaşaya bilmərik” kimi iddiaları ortaya qoyanlar aqressiv adamlardır, onlar həm müsəlman dininə, həm də xalqa ziyandan başqa heç bir şey gətirməzlər.

Atatürk stratejiyası ölkə daxilində kəskin müqavimətlə rastlaşsa da öz işini görə bildi. Təəssüf ki, Atatürkdən sonra, bir neçə 10 il müddətində Türkiyənin dövlət strategiyasını ayrı-ayrı siyasətçilərin və ya partiyaların hakimiyyətə gəlmə strategiyası əvəz etdi. Xalqın,  Millətçiliyin və dinin təbliğ edildiyi ölkələrdə dövlətin evalusion inkişafına nail olmaq mümkün deyildir – 20-ci əsrdə baş vermiş tarixi hadisələr bunu sübuta yetiribdir. Ancaq Türkiyədə hər iki emosiya yaradan şüarlardan seçki kampaniyalarında bol-bol istifadə edilir. Gələcək üçün doktrinası, strategiyası olmayan Türkiyədə, hər hakimiyyətə gələn özündən əvvəl qoyulmuş bünövrənin üzərində tikməyi davam etdirmir, yenidən bünövrə qoymağa başlayır. Ona görə də Atatürkün yaratdığı BİNADAN başqa, köhnə bünövrələrin hamısı binaya çevrilmədən dağılıb, bir neçə ildir ki, yeni bünövrə yaratmağa cəhd edilir.

Sovetlər dağılandan sonra Türkiyəyə ümidlərini bağlayan xalqların heç ağlina gəlməzdi ki, 500 ildən çox imperiya təcrübəsinə malik olan Türkiyənin rəhbərləri bir neçə şübhəli biznesləri olan türk vətəndaşlarının bir neçə miliyon dollar pul qazanması naminə bütöv bir xalqın maraqlarını diktatorlara qurban verəcəkdir. Xalqın yanında yox, onu qul vəziyyətinə salanların yanında dayanacaqdır.  Və bu da ölkədə fundamentalist dinçilərin hakimiyyətə gəlməsinə kömək edəcəkdir.

Əgər ümumi bir strategiya olsa idi, indi inteqrasiya nəticəsində başda Türkiyə olmaqla bu ölkələrin hazır məhsul istehsalı bir neçə trilyon dolları keçmişdi. Onun üçün Avropa ölkələrinin məmnuniyyətlə alacağı hazır enerji və neft məhsulları istehsal edib satmaq lazım idi, xam neft  və qaz yox. İndi türklərin yaşadığı ölkələrin hamısı təbii sərvətlərini satır, Türkiyə isə bu məhsulların tranziti ilə məşğuldur.
Xalqa yox, diktatorlara söykənən Türkiyənin türkdilli ölkələrdə təsir gücü bu gün sıfıra bərabərdir. Həmin ölkələrin bir hissəsi Rusiyanın, az bir hissəsi də Qərbin təsir dairəsindədir.

Son 15 ildə Türkiyə Cumhuriyyətinin rəhbərliyində olmuş liderlərdən (keçmiş və indiki) “Ən böyük xidmətiniz nə olub”  soruşularsa, “Bakı- Ceyhan Neft kəmərinin çəkilməsi, qaz tranzitinin Avropaya təşkil edilməsi” cavabını alarsınız. Əslində bu işlər Avropa və Amerikanın qlobal sifarişinin yerinə yetirilməsindən başqa bir şey deyildir. Bu qlobal siyasət həmçinin Orta Asiya enerji resurslarının da Rusiyanı görmədən Avropaya nəql edilməsini nəzərdə tutur. Əsas məqsəd, birincisi, onları Rusiyanın təsir dairəsindən çıxartmaq, ikincisi, Qərb ilə razılaşdırılmış siyasət aparmağa məcbur etməkdir. Bu proyektlərin Türkiyə üçün ekonomik əhəmiyyəti o qədər də böyük deyildir. Proyektlər Türkiyənin Avropa ilə inteqrasiyası üçün kifayət qədər lazımlı arqument olsa da , həlledici deyildir.

Aydındır ki, cəmiyyətlərin qloballaşma formasiyasında hələ ki 3 ölkədən – ABŞ, Çin,Yaponiyadan başqa heç bir ölkə təklikdə elə bir nailiyyət əldə edə bilməz. “Biz heç kimdən asılı deyilik” desək də, zaman nəhənglərin oyun qaydalarını qəbul etməyə gətirib çıxardacaqdır. Nə qədər ki, gec deyil, strategiyanı qəbul edib hər hansı bir qrup ölkə ilə inteqrasiyada oyunçuya çevrilmək lazımdır. Sual oluna bilər: Dini əsası baza kimi götürüb, bu işi görmək mümkündürmü? Cavab birmənalıdır, xeyir, bu, utopiyadır. Hec bir iqtisadi inteqrasiya dini bünövrəyə söykənməyib, ümumiyyətlə, hətta eyni dində olan müxtəlif cəryanları bir müqəddəs kitab altında birləşdirmək mümkün olmayıb. Avropa Birliyi xristian Rusiyanı rədd edir, ancaq müsəlman Albaniyanı öz cərgəsinə qəbul etməyə hazırlaşır. Birlik ancaq ictimai quruluşun formasının identikliyi əsasında yaranır. İdentik dinə mənsub olan bütpərəst Cinlə Yaponiya kimi bir-birinə düşmən olan iki ölkə ancaq müsəlman İran və Səudiyə Ərəbistanının düşmənciliyi ilə müqayisə oluna bilər.

Türkiyə Cümhuriyyəti türkəsilli dövlətlər arasında ən böyük və ən çox dövlətcilik ənənəsi olan ölkədir və regionda müəyyən məsuliyyət daşıyır. Türkiyə özünü 1990-cı illərdəki kimi aparmamalıdır, strateji planı olmalıdır və bilinməlidir ki, hansı istiqamətdə getmək istəyir.
Təəssüflə qeyd etmək lazımdır ki,10 il bundan öncə Türkiyə Avropa Birliyinin üzvü olmağa daha yaxın idi, nəinki bu gün. Baxmayaraq birliyin yeni üzvlərinin arasında Türkiyəyə dəstək verən bir çox ölkələr var. Daxildəki problemləri həll edib Birliyn həqiqi üzvü olmaqdansa, “Avropa Türkiyədən qorxur”, “Müsəlman olduğumuza görə bizi qəbul etmirlər” kimi nağıllar quraşdırıb millətə yedirtmək lazım deyil.

Yazıq millət bilmir ki, avropalılar azı 250 ildir türklərdən qorxmur. Nəinki qorxmurlar,  türk millətindən olan ağıllı insanları Almaniya, Hollandiya və bir sıra digər ölkələrin parlamentinə deputat seçirlər.

Millət bilmir ki, protestantlar üçün liberal türk, fundamentalist katolikdən daha yaxındır. Ancaq buna baxmayaraq, bəzi Avropa ölkələri Türkiyənin Avropa Birliyinə qəbul edilməsinin əleyhinə çıxış edirlər və səbəblərini başqa cür izah edirlər. Məsələn, belə iddia edənlər var ki, Türkiyə dövləti kürd separatçıları və onların həyata keçirdiyi terror aktlarının qarşısını ala bilmir. O dəqiqə səsini ucaldanlar tapılacaq – məgər onlarda terror aktları olmur? Olur, bəylər, olur, ancaq 10 dəfələrlə az və əsasən dini zəmində.

Qəbul edək ki, Türkiyə əhalisinin 10 faizi kürddür. Dövlət orqanları, sənətçilər arasında, univeristetlərdə, biznesdə və başqa sahələrdə müvəffəqiyyət qazanmış kürdlərin sayı bu təşkilatlarda 10 faizdən çoxdur ki, az deyildir. Türkiyə Cümhuriyyətində milli mənsubiyyətinə görə nəinki kürdləri, heç ənəvi düşmən sayıla biləcək erməni və yunanları da sıxışdıran yoxdur. Məgər İran, Suriya, İraqda yaşayan kürdlərin vəziyyəti daha yaxşıdır?

Türkiyədə dövlət orqanlarında son vaxtlar korrupsiya və rüşvətin səviyyəsi bir qədər azalsa da, istənilən Avropa ölkəsindən qat-qat yuxarıdır, hətta Rumuniyadan da.

Biznesə total nəzarət, iş görmək üçün dövlət orqanlarından alınan saysız-hesabsız icazələr, özəlləşdirmənin aparılmaması, dövlətin tenderlərə özünəməxsus icazə verməsinin indiki səviyyəsi ilə korrupsiya və rüşvətin qarşısını almaq mümkün deyildir və heç vaxt da mümkün olmayacaq.

İnformasiya təşkilatlarını vergi və başqa inzibatı orqanların yoxlamaları ilə qorxudub, qismən senzura tətbiq etməklə Avropa Birliyindən necə söhbət açmaq olar?

Türkiyə dinin qanunlarını dövlət siyasəti səviyyəsinə qaldırmaqla hansı sivilizasiyaya getmək istəyir? 16-cı əsrdən Avropada din və dövlət özlərinə məxsus funksiyaları həyata keçirməklə bir-birindən ayrılmasaydı, indiki Avropa sivilizasiyası ola bilərdimi? Məgər kişilərin kostyum geyib qalstuk taxmasını və yaxud qadınların başı acıq gəzib qısa don geyməsini xristian dini yaradıb? Sözsüz ki, kiminsə cadrada gəzməsini qadağan etmək olmaz. Məsələ cadraya rəsmi icazə verilməsində deyil. Məsələ ondadır ki, dövlətin bu siyasəti nəticəsində tezliklə cadra örtməyənlər qınaq obyekinə çevriləcəklər, onlar barədə ikrahla danışacaqlar. Buna görə Atatürk fədakırlıqla dini dövlətdən ayırmaq istəyirdi, Türkiyənin heç vaxt islam respublikasına çevrilməsini istəmirdi.

Artıq pafoslu çıxışlar etməklə, camaatın qarşısında süni ağlaşma səhnələri qurmaqla hakimiyyətə gəlmək istəyini, bu xalqın həqiqətən böyük olduğunu göstərmək üçün real iş görməyin vaxtı çatıb.
Sözdə “demokrasi” deməkdənsə, gerçək demokratik dövlət yaratmaq, millətin canını korrupsiya, rüşvətdən, məmur bürokratiyasından qurtarmaq lazımdır. Türkiyə çevrəsindəki avtoritar rejimlərdə yaşayan xalqları ətrafında cəmləşdirməli və bununla da güc mərkəzinə çevrilmək strategiyasını qəbul etməlidir. Yəqin kürd separatçılığının finalı da onda catacaq.

Türkiyə Yaxın Doğuda üzərinə düşən missiyanın nədən ibarət olduğunu anlayıb o istiqamətdə ardıcıl iş aparsa bizim hamımız üçün yaxşı olar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: