Articles

Xaqani Hass. Yeni şeirlər

In Yazılar on Sentyabr 6, 2009 by Araz Önər Etiketlənmiş: ,

13

G
(YARIMADA DAYANACAQ)

allahın yadına düşməz,
2001-ci ilin aprelində bir axşam
yığılıb köhnə qəzetlərin sərlövhələrindən

toxumdan qabaq əlləri göyərib
göydən qabaq əlləri- bir qırpım baxılası
keçmişi təzəcə bir yaralı göyümsovdur
ağzı öz güdazıdır kibrit çöpündə
Bakı uzaqlaşanda yekəlir deyiblər inanıb
əllərini qaldırır havaya qaldırır ki
göyündə uzaqlar yerbəyerdir-
yarğanında yelçəkənsiz baxılası

Bakı uzaqlaşanda yekəlir deyiblər inanıb
dayanacaqda vərdiş edib Bakıya
uçmağı bacarır ancaq hündürdən qorxur
bir kəlmə də bilmir öz hekayəsindəki sözlərdən savayı
daha gerçəkdir öz həyatındakı sözlər, daha daşdandır,
oyuqdur və daha tərli daha ətçəkən maşındır
evlənib sifəti çoxalıb bütün küçələri sahilə çıxır
sahilsiz adamdır küçələri sahilə çıxır
bir yaxın istini yada salıb tərləyir
avtobusu xatırlayıb dayanacaqda gedir

2001-ci ilin aprelində bir axşam
– hansı ki haqqında heç nə bilmirik –
bütün aprellərin son günüdür
başından yaralanan adama dənizi unutdururlar su istəyib
suya izah verir bədəniylə paltarının altında:
uzaqlaşanda böyüyür daş,
hər addımında tərk edişə doğru mənə yaxınlaşır (1)

itirib şəxsiyyət vəsiqəsini
yarımada kimi təqdim edir özünü:
biz dənizə baxanda dəniz yaşayır, yoxsa çox təkdir
çox qara çox gəmi səsidir çox skamya
evlənib üzü çoxalıb
iş axtarır qəzetlərin ölüm elanlarında
ölünü yuyub çay içir mürdəşir
göyündə-yarğanında uzaqlar yerbəyerdir
çay içmək ən çox da ölü yuyandan sonra yaşamağa dairdir
çay içmək -ölü yuyandan sonra-
gecələrə yaşıllara küçələrə çaxırlara cazlara dairdir (2)
bəs niyə ölümü tərifləyir yarımada dayanacaq qarışqalara?

bir avtobusu xatırlayıb dayanacaqda gedirdi
əvvəl evlilər gəldilər sonra evsizlər sonra evli evsizlər
süzülüb əlindəki siqaretin süzgəcindən hopur torpağa
itkinlər küçəsində
bir daha olmayacaq stolüstü əyləci
ki
basıb saxlasın stolüstü xatirələri

——————————-

(1) Ölümün qafiyəsi yoxdur təbiətdə, suyun var
(2) Kimin baxışları toqquşmursa dənizlə, deməli başından yaralanıb

Avqust 2008

Ü
(Palçıqdan Gülüşlər)

İçərişəhərli bu küçə kimi gözləyir svetoforda?
şəkil çəkdirən o qoca kişinin pencəyi sığmayıb şəklə
kəsib pencəyinin sığmaz yerini atıb dənizə
və şəklə sığmayıb dəniz
svetoforda gözləyir küçə…

kim yaddan çıxarıb qapını örtməsə aralı qoysa
kəsik dənizləri xatırlayacaqlar cırıltılı qapı aralarında
mismarı kölgəsindən tanıdıqca divarlar
küləkli şəhərin yolları küləklərə bölünür
küləklər haçalanır üşüyənlərə tərləyənlərə və uzun eyvanlara,
onu gözləyənlərə haçalanır və barmaqlara- qapı cəftəsində.
və bir qadın
çarpayısını qoparır ətindən gecəyarısı,
divarında əqrəbləri axır saatın
qadın küləksiz qalıb zamansız qalıb
dəniz xəstə qalıb- müalicəsiz

dənizi gözləriylə sağaldan qadınlar var, öldülər.
kəsib atan kişilər var dənizi pencəklərinin nimdaş yerindən, ölmədilər.
şəkillərə sığışmasa su
addım salarıq gələcəyə- keçmişlərdən bir azyaşlı çəmən qalığı
sonra soruşsaq bu dəniz haralıdır bilməz bu su
təkcə tər yaşamışlı cib dəsmalımızda

palçıqdan düzəltdiyin gülüşlərlə özün gül
biz quşu uçmalıyıq
biz varıqsa quşu uçmalıyıq
dənizi baxışlarıyla sağaldan qadınlar var, gəldilər.

Oktyabr 2008

L
( DAĞILIB QALA DİVARLARI )

mən daşın zahiriyəm suyumu verin
atsanız görməyəcəm zahiriyəm
o ki bətnimdir o ki odur bətnimdir gözümdən axar
dağılıb qala divarları monqol hücumlarında
saxsıda torpaqdır barmaqlarıma, gözümdən axar
mağarapərvər otaqda susamış atdır qırmızı nalsız
uşağın qozbelində ayaq saxlamağındandır
döşəmədə ləkə
çörəkli zibilin keçmişində dar küçələr ucbatından
bütün şeirlərin qapısı bağlanıb

və quş sözünü qoyur dilinin altına pəltək, atəş açır
yarasından quş axır uşağın
ayağımdan yayınır küçə
tullanır göyə göldür, düşür yerə – göz
başını anama uzadır göl
gözünü qurudur ağacın altında, qurudur gözünü anam
yuvasını ilk dəfə çölündən gördü balıq, və son dəfə
heykəlim suyun yuxarısındadır
timsah “open” deyir televizora bataqlıqdan:
dişlərimizi qaytaraqmı təbiətə? – birinci kim susacaq?
daşın zahiriyəm suyumu verin gilim yoğrulur
dağılıb qala divarları monqol hücumlarında

Dekabr 2008

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: