Statuses

Azərbaycana hücum ola bilər

In Arxiv, XNews on Avqust 29, 2009 by Araz Önər Etiketlənmiş: ,

vefa-quluzade31Sabiq dövlət müşavirindən sensasion xəbərdarlıq
«Türkiyənin 1-2 diviziyası Azərbaycanda yerləşdirilməlidir»

Dünən Ermənistan prezidenti Serj Sərkisyan Müdafiə Nazirliyinin rəhbər işçiləri ilə müşavirə keçirib. «Novosti-Armeniya» agentliyinin xəbərinə görə, Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda ordunun xüsusi rolunun olduğunu deyib. Ermənistan prezidentinin sözlərinə görə, ordu Ermənistanın siyasi rəhbərliyinə Dağlıq Qarabağla bağlı danışıqlar prosesində əminliklə çıxış etmək imkanı verir: «Ölkənin siyasi rəhbərliyi danışıqlar prosesində inamla çıxış edir. Buna siz – ordu, ölkəmizin ən əsaslı strukturu imkan yaradır».

Sərkisyan ordu rəhbərliyinə tapşırıq verib ki, döyüş qabiliyyətinin artırılması istiqamətində işlər görsünlər. Onun fikrincə, müdafiə sistemi zamanın tələblərinə cavab verməli və daim müasirləşməlidir.

Qeyd edək ki, bu müşavirə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Azərbaycanı hədələməsindən bir gün sonraya təsadüf edir. Ohanyan demişdi ki, onun ölkəsi Azərbaycan tərəfdən müntəzəm olaraq səslənən hərbi hədələrdən çəkinmir və özünün alternativ hərbi variantları var. Erməni nazir deyib ki, onun ölkəsi təkcə qarşı tərəfin mümkün hücumlarının qarşısını almağa hazırlaşmır, eyni zamanda belə hücumları önləmək üçün preventiv əks-hücum əməliyyatları da planlaşdırır: «Niyə də yox. Hücum və əks hücum variantları birlikdə nəzərdən keçirilir».

Onu da qeyd edək ki, bir neçə gün əvvəl işğal olunmuş ərazilərimizdə ermənilərin gecə təlimləri keçirilmişdi. Dağlıq Qarabağ separatçıları da son vaxtlar hədələyici bəyanatlar verməkdədir. Ötən ay qondarma «DQR»-in «müdafiə naziri» Azərbaycanı Kürə qədər işğal edə biləcəkləri ilə hədələmişdi. Bütün bunlar nədən xəbər verir, Azərbaycana qarşı gerçəkdən hücum planı mövcuddur, yoxsa ermənilər blef edir, psixoloji savaş başladıblar?

Hərbi ekspert Azad İsazadənin Ermənistandan gələn hədə xarakterli bəyanatlara fərqli yanaşması var: «Sözsüz ki, Ermənistan Müdafiə Nazirliyinin hansısa kabinetlərində belə plan var və o, çoxdan hazırlanıb. Necə ki, Azərbaycan Müdafiə Nazirliyinin kabinetlərində də bizim hücum planımız var. Sözsüz ki, planı kabinetdə cızmaq çətin deyil. Amma onu reallaşdırmaq daha çətindir».

A. İsazadə dedi ki, burada elə Ermənistanın özü üçün də «n» qədər problem yarana bilər: «Müqayisə edəndə hər iki dövlətin orduları təqribən eyni səviyyədədir. Azərbaycan ordusu üçün erməni hücumunu dəf etmək o qədər də çətin olmayacaq. İkincisi, beynəlxalq səviyyədə sözsüz ki, Ermənistan böyük bir problemlərlə rastlaşacaq. Cəbhənin böyük hissəsi Bakı-Ceyhan boru xəttinin yaxınlığından keçdiyinə görə Ermənistanın addımı sözsüz ki, beynəlxalq səviyyədə çox pis qəbul olunacaq».

Ermənistanın Rusiyanın hərbi bazalarına və Kremlin dəstəyinə arxalanıb təcavüzkarlığını davam etdirməsi mümkündürmü? A.İsazadə dedi ki, bu gün Rusiya enerji layihələri ilə bağlı bəzi məsələlərdə Azərbaycanla eyni mövqedədir: “Bu mənada Qafqazda hansısa əməliyyat keçirmək və ya Ermənistana hansısa məsələləri həll etmək icazəsini vermək daha çox provokasiyaya bənzəyir”.

Hərbi ekspert digər bir məqama da diqqət çəkdi: «Madrid prinsipləri açıqlanandan sonra Ermənistan sadəcə göstərmək istəyir ki, onun ictimaiyyəti, güc nazirlikləri vəziyyətdən narazıdır və Sərkisyan bu əhval-ruhiyyə ilə hesablaşmağa məcburdur. Ona görə də işğal olunmuş rayonları qaytarmağa o qədər də rahatlıqla gedə bilməyəcək. Özü də bu proseslər “Madrid prinsipləri” açıqlanandan sonra ilk olaraq Qarabağda başladı, indi də İrəvana keçib. Onu da deyim ki, buna oxşar bəzi hərəkətlər Azərbaycanda da QHT-lər səviyyəsində baş verir. Partizan hərəkatı ilə bağlı məsələni də bura aid etmək olar. Hər iki dövlətin rəhbərliyi çalışır öz ictimaiyyətinə göstərsin ki, o, satqınlıq mövqeyində deyil. Torpaqların bir hissəsi Azərbaycana qaytarılacaqsa, sözsüz ki, daha çox satqın Ermənistan tərəfi görünəcək. Təbii ki, öz xalqı üçün”.

Sabiq dövlət müşaviri Vəfa Quluzadə isə məsələyə daha ciddi yanaşmağı vacib sayır. Onun sözlərinə görə Azərbaycan hər an təcavüzə məruz qala bilər: «Bu plan Rusiya Müdafiə Nazirliyinin otağında hazırlanıb. Ruslar düşünür ki, Cənubi Qafqazda da stabilliyi pozmaq olar və bu da Ermənistanın Azərbaycana hücumu ilə mümkündür. Rusiya Azərbaycanda səslənən bəyanatlarından sui-istifadə edib, ölkəmizə zərbə endirə bilər. Rusiyanın niyyəti budur ki, müharibəni başlayıb Azərbaycanı suçlu çıxarsın. Dəfələrlə rus mətbuatında iddialar gedib ki, Azərbaycan prezidenti Saakaşvilinin tutduğu yolla getmək, Ermənistana hücum etmək istəyir. Dəfələrlə ruslar bəyanatlar veriblər ki, onlar Azərbaycanın Qarabağa hücumundan qorxurlar. Mən dəfələrlə hakimiyyətə və Türkiyəyə çağırış etmişəm ki, Türkiyənin 1-2 diviziyası Azərbaycanda yerləşdirilsin. Bu gün də eyni çağırışı edirəm. Çünki bu gün Azərbaycanın taleyi üçün on qat artıq narahatam. Türkiyə bu addımı təcili atmalı olduğu halda niyə atmır? Dəfələrlə demişəm ki, Amerikanın İncirlikdəki bazalarının bir hissəsi Azərbaycana köçürülsün. Ancaq heç bir faydası yoxdur. Niyə Türkiyə bizi ermənilərə qurban verir? Türkiyə bu gün təcavüzkar dövlətlə, Gürcüstanı işğalda saxlayan ölkə ilə “Cənub axını”nı müdafiə edir”.
V.Quluzadə onu da dedi ki, Putin Türkiyədən istədiklərini ala bilmədiyi üçün Rusiya çox qəzəblidir: «Azərbaycan bu gün Rusiyanın hücumu ilə üz-üzə qalıb. Rusiya Ermənistanın adı ilə Azərbaycanı yenidən işğal etmək istəyir. Buna görə təcili tədbirlər görməyə ehtiyac var».

Ekspert digər bir məqama da toxundu: «Rusiya daim Azərbaycanı ittiham edir ki Azərbaycan Çeçenistanda terroru dəstəkləyir. Bu, heç də təsadüfi deyil. Azərbaycan barədə Şimali Qafqazdakı müharibə ocağını maliyyələşdirən dövlət imici formalaşdırıb, sonra ona sarsıdıcı zərbə endirmək istəyir». V.Quluzadə dedi ki təhlükə çox böyükdür: «Bunu bizim rəsmilər də bilsin, dostlarımız da. Türkiyə, Amerika məsələyə təcili reaksiya verməlidir. İngiltərə bilsin ki, bu gedişlə Rusiya gəlib onun bp-sini Azərbaycandan çıxaracaq. Ona görə də Rusiyanın hərəkətlərinə biganə qalmasınlar. Ermənistanla Rusiya bir neçə ay əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçiriblər. Onlar hücuma hazır vəziyyətdədir. Erməni qoşunları kimi, Ermənistandakı rus ordusunun bölmələri də təmas xəttindədir. Hamı bilsin ki, bu gün erməni-rus hərbi birləşmələri təmas xəttində Azərbaycana hücum etmək əmr gözləyir! Vaxtında məsələyə kəskin reaksiya verilməlidir. Beynəlxalq aləmin sonrakı reaksiyası gecikmiş və mənasız olacaq».

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: