Articles

ABŞ sərtləşir

In Yazılar on İyun 13, 2009 by Araz Önər Etiketlənmiş: ,

ÇÜNKİ BU DÖVLƏTİN REGİONDAKI SİYASƏTİ SƏRTLƏŞİR…

ABŞ regionda güzəştə getmək fikrində deyil. Hər halda bu günkü proseslər bunu təsdiqləyir və inanmaq olarkı bu ölkə regiondakı siyasətini daha da sərtləşdirəcək. Bunun isə artıq cizgiləri görünür. Hər halda son günlər baş verənlər, hadisələrin sürətlə cərəyan etməsi təsdiqləyir ki, regionda proseslər ciddi qarşıdurmalar şəkilində inkişaf edir və Rusiya mövqelərini itirməmək üçün göstərdiyi təpkiyə ABŞ biganə yanaşmır. Gəlin son günlər baş verənlərin qısa xronikasına baxaq.
İLK ZƏRBƏ ERMƏNİSTANA…
Ermənistanda bələdiyyə seçkiləri keçirilir və qanunsuzluqlarla müşahidə olunan seçkilərin nəticəsi olaraq Serj Sarksiyanın partiyası qələbə qazanır. Hərçənd ki, keçmiş prezident Levon Ter-Petrosiyanın rəhbərlik etdiyi qurumun qələbəsinə heç kəsin şübhəsi yox idi. Amma gözləntilər əksinə oldu. Prezident seçkilərində baş verən olaylara görə ciddi təzyiqlərə məruz qalan Serj Sarksiyan hakimiyyəti geri çəkilmək fikrindən uzaq olduğunu sübut etdi. Daha doğrusu Serj Sarksiyan Rusiyanın təsir dairəsindən çıxmaq istəyini göstərmədi. Bunun ardınca, ABŞ Dövlət katibinin köməkçisinin Ermənistana səfəri baş tutdu. Səfərin səhərisi günü Ermənistana «min illiyin çağırışı» çərçivəsində ayrılan pul kəsildi. ABŞ bununla da Ermənistan rəhbərliyinə bu günə qədər göstərdiyi dözümü yanlış siyasət hesab edərək konkret mövqe ortaya qoydu. Və sübut etdi ki, konkret mövqe göstərməyi tələb etdiyi Ermənistanı Rusiya buxovundan qurtulmaq istəməməsinə görə cəzalandıra bilər. Bu yəqin ki, regionda demokratik hərəkat prosesinin başlanığıcı olacaq.
AZƏRBAYCANDAN AĞIR ZƏRBƏ…
Eyni olaylar başqa formatda Azərbaycandada təkrarlandı. Ölkədə konstitusiya dəyişikliyinə gedildi. Nəticədə demokratik prinsiplərə sığmayan bir dəyişiklik; bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə razılıq verildi. Bu Azərbaycanda gərgin proseslərin başlanığıcı idi. Və sübut olunurdu ki, Azərbaycan nədənsə Rusiya ölçülərinə həvəs göstərir. Bu olay Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı mövzular gündəmə gələndə daha qabarıq şəkildə ortaya çıxdı. Azərbaycan bir anın içində yaranmış siyasi vəziyyətdən bəhrələnməklə Rusiyaya meyilliyini dahada artırdı. Hətta Türkiyədə ABŞ prezidenti ilə görüşmək həvəsindən belə imtina olundu. Bu artıq hadisələrin kulminasiya nöqtəsi sayıla bilinərdi. Amma hadisələr daha da gərgin müstəviyə keçdi. Ölkə parlamenti yeganə inkişafda olan QHT-in fəaliyyətini buxovlamaq həvəsinə düşdü və hələki bu iş uğurla həyata keçirilir.

Güman etmək olarkı vətəndaş cəmiyyətinin əzilməsinə yönəlmiş hadisə ciddi fəsadlarla müşahidə olunacaq. Amma bununla paralel olaraq daha maraqlı və həlledici addım atıldı. ABŞ rəsmiləri müxtəlif ranqlarda, o cümlədən Dövlət Departamenti səviyyəsində Azərbaycan rəhbərliyini tənqid etdilər. Bu açıqlamaları xəbərdarlıq kimi qəbul etmək və bundan sonra Azərbaycan hökümətinin Qərbə və ya ABŞ-a münasibətdə daha konstruktiv mövqe tutacağı gözlənilirdi. Bu həmin ərəfə idi ki, ABŞ-ın ölkəmizdə ki, nisbətən loyal baxışlı səfiri geri çağrılmışdı. Və bu faktın özü də sübut edirdi ki, ABŞ regionda maraqlarının həyata keçirilməsi üçün insan haqlarının pozulması ilə bağlı boş buraxdığı vintləri sıxmağa hazırlaşır.

Nəhayət, Azərbaycan hökümətinin əlinə ciddi bir fürsət düşmüşdü. Söhbət ABŞ dövlət katibi Hillari Klintonun müavini Flip Qordonun Azərbaycana gəlməsindən gedir. Ehtimal olunurdu ki, prezident İlham Əliyev qonağı rəsmi şəkildə qəbul edəcək, ABŞ prezidentinin təkliflərini dəyərləndirəcək və iki ölkə arasında yaranmış gözə görünməz soyuqluq aradan qalxacaqdı. Ən azından Azərbaycan bu gün Rusiyaya göstərdiyi sayğını ABŞ-a da göstərəcək. Amma gözləntilər tam tərsinə oldu. Prezident ümumiyyətlə, qonağı qəbul etmədi və bununla sübut etdi ki, seçim edilib və Azərbaycan sürətlə Rusiyaya yaxınlaşır. Ən maraqlı hadisələrdən birini də ştrix olaraq qeyd edib keçək mövzumuza – Rusiya bir neçə aydır ki, Zaqafqaziyadakı mövqelərini tam bərpa etməyə başlayıb, əvəzində şərqi Avropadakı ən böyük dayaqlarından olan Belorusiyaya baxışlarını dəyişib. Bu haqda gələn yazılarda.

Qayıdaq Azərbaycana. Azərbaycan son addımları ilə sübut etdi ki, ABŞ-ın tələblərinə önəm verməyəcək və tutduğu kursdan geri çəkilməyəcək. Və ya Azərbaycan bu addımları atmaqla ABŞ-dan onun daxili işlərinə qatışmamağı istəyir. ABŞ bu istəyi təmin edəcəkmi? ABŞ-ın siyasi tarixinə diqqət yetirsək, bu ölkənin siyasətində zor çalarlar nə qədər müşahidə olunsa da onlar təzyiq dilini qəbul etmirlər. Bu isə o deməkdir ki, Azərbaycana qarşı ciddi təpkilər olacaq və bu açıq şəkildə həyata keçiriləcək. Çünki Azərbaycan ABŞ-ı nə qədər Rusiya ilə şantaj etməyə çalışsada ABŞ bunu qəbul etməyəcək və Rusiyanın əslində Azərbaycan üçün ən real təhlükə olduğunu bizdən də yaxşı bildiklərini nümayiş etdirəcəklər. Bunun üçündə mövcud hakimiyyət ciddi təpkilərə hazırlaşmalıdır. Düzdü bu təpkilər artdıqca ölkə daxilində avtoritar rejim həvəsi də bir o qədər artacaq. Amma nəticələri proqnozlaşdırmaq o qədərdə çətin deyil və ABŞ artıq bunlara hazırdır.

AZƏRBAYCANDAN GƏLƏN ZƏRBƏYƏ GÜRCÜ DİLİNDƏ CAVAB…
Azərbaycanın sürətlə Rusiyaya yaxınlaşması ilə paralel olaraq Gürcüstanda daxili siyasi durum gərginləşdi. Rusiya meyilli qüvvələr açıq şəkildə Gürcüstan prezidentindən istefa tələb etdilər. Hər gün mitinq, yürüş meydanına çevrilən Gürcüstan hakimiyyətinin artıq ABŞ tərəfindən qurban verildiyi bildirilirdi. Amma Azərbaycanın ABŞ-a atdığı yumruqdan dərhal sonra ABŞ Gürcüstan əliylə Rusiyaya ağır zərbəsini endirdi. Gürcüstan MDB-dən imtina etdi. Bu isə artıq ABŞ-ın sərt siyasətinin başqa bir tərəfi kimi qəbul oluna bilər. Hesab etmək olarkı regionda artıq savaş başlayıb və bu savaşda ən çətin durum məhz Azərbaycanındır. Çünki demokratik mühitin yaranmasını tələb edən ABŞ-a düşmən kəsilmişiksə, ən azı yanımızda dost olmalıdır. Dost dediyimiz isə Rusiyadır. Azərbaycanın müstəqilliyinə göz dikən Rusiya…
pia.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: